Xalq Cəbhəsi.-2019.-30 mart.-56.-S.14.

 

Özbək ədəbiyyatı

 

Elman Quliyev,

filologiya üzrə elmlər doktoru, professor

 

3-cü yazı

 

Əlişir Nəvai zəngin yaradıcılıq irsinə sahibdir. Onun türkcə yazılmış təxminən 50 min misralıq 4 divanı, həmçinin qəsidələrdən ibarət 10 min misralıq farsca 1 divanı, 25620 beytlik Xəmsəsi və müxtəlif həcmlərdə olan təxminən 20 digər elmi-fəlsəfi (təzkirə, filoloji, dini-əxlaqi, tarixi və s.) əsərləri 500 ildən çoxdur ki, oxucuları heyrətləndirmiş, onların zövqünü oxşaya bilib. Gənc yaşlarından yaradıcılıq şöhrəti tapmış Əlişir Nəvai əsərlərini türk (cığatay) dilində Nəvai, fars dilində Fani təxəllüsü ilə qələmə alıb.

Əlişir Nəvai yaradıcılığında lirika əhəmiyyətli yer tutur. Onun lirik əsərləri 5 divan şəklində tərtib olunub. Onlardan 4-ü türk, 1-i isə fars dilindədir. Türk dilində olan 4 divan Mənalar xəzinəsi ümumi adı ilə tanınır. Əlişir Nəvai ilk türk divanını hökmdar Hüseyn Bayqaranın məsləhəti ilə tərtib edib. Şairin yaxın dostu Ə.Cami isə ona türkcə yazdığı şeirlərini 4 divan şəklində tərtib etməyi tövsiyyə edib. Ə.Nəvai Mizanül-övzan (Vəznlərin tərəzisi) əsərində beytlərinin sayı 25 minə yaxınlaşan türk dilində yazılmış 4 divanı haqqında məlumat verir. Bununla yanaşı şairin 1499-cu ildə tamamladığı Mühəkəmətül-lüğəteyn əsərində türkcə divan yazmasının səbəbləri ilə bağlı fikirləri olduqca maraqlı səslənir: Çün bu yolda himmətim ali idi, təbim isə qorxu və ürküsüz, bu gülşənin yanından laqeydliklə keçməyə qoymadı və tamaşasından doymadı. Və o aləm fəzasına təb qoşunlarım türksayağı yürüşlər etdi, xəyal quşum o göyün ənginliklərinə qanad çaldı və o cəvahir xəzinəsindən könül sərrafım əvəzsiz qiymətə malik ləl və dürləri seçdi. Qəlbimin gülyığanı o gülşəndən saysız-hesabsız xoş ətirli qızılgül və yasəmən yığdı. Çün bu bəxşişlər ilə sərvətlənmək və bu sərvətlər ilə təminlik mənə müəssər oldu, nəticədə onun gülləri hədsiz miqdarda rüzgar əhlinin üzünə açıldı və ixtiyarsız başlarına saçılmağa başladı.

Mizanül-övzan əsərinin türk dilində yazılması ilə bağlı Nəvainin aşağıdakı fikirləri bu yolda onun fəxr və qürurunun təsdiqidir: Türk dili ilə qələm sürdüm. Hər qaydada ki, məna gözəllərinə zinət və bəzək vermişdilər, cığatay sözləri ilə bəzədim. Belə ki, ta bu qeyd olunan, dil və söz binasıdır, heç şairə əl uzatmamışam. Heç yazana bu müəssər olmamışdır.

Ə.Nəvai Ğəraibüs-siğər (Uşaqlığın möcüzələri), Nəvadirüş- şəbab (Gəncliyin qaş-daşları), Bədayil-vəsət (Orta yaşın qəribəlikləri) və Fəvaidül-kibər (Qocalığın faydaları) adlarında türkcə 4 divan tərtib etmişdir ki, Mühakəmətül-lüğəteyn əsərində onların xüsusiyyətləri və yaşının hansı dövründə yazılmaları barədə belə bir məlumat verir: Onlardan biri Ğəraibüs-siğər (Uşaqlığın möcüzələri) divanıdır ki, kiçik yaşdakı təkririmin və təhririmin yadigarıdır. Orada heyrətamiz mənaları qəribə söz libasına geyindirmişəm və elin könlünü o qəribistan əhlinin odu ilə isindirmişəm.

Biri də Gəncliyin qaş-daşları (Nəvadirüş-şəbab) divanıdır ki, yeniyetmə yaşlarımda bəyanım qələmimdən nümayiş divanına zinət bostanına tökülübdür: o daş-qaş tamaşasında yeniyetməlik mülkünə qovğa salmışam və o mülk cavanlarının könlündən səbrqərarlarını almışam. Orta yaşın qəribəlikləri (Bədayil-vəsət) divanında isə ömrün çağlarının xəyal qələmi onun bəzəyinə nəqşbəndlik və zinətinə sehr-peyvəndlik verib: o bədii (kəlamlar) vasitəsi ilə şeyda könüllər qapısın eşq daşı ilə döymüşəm və o evi fitnə və afət oduna yaxmışam.

Biri də Qocalığın faydaları (Fəvaidül-kibər) divanıdır ki, ömrünün sirli çağlarında təxəyyülümün qələmi ilə Çin rəngkarlarının qibtə edəcəyi və cənnət barlarının qısqanacağı bir bəzək vurub. Onda bu dünyanın hakimlərinə faydalar zülalın içirtmişəm və həvəsləri şöləsinə nəsihət zülalından su vermişəm .

Divanlara daxil olan şeirlərin yazılma tarixləri burada konkret göstərilməsə də qeyd etməliyik ki, şair Uşaqlığın möcüzələrini 17-20 yaşlarında, Gəncliyin qaş-daşlarını 20-35 yaşlarında, Orta yaşın qəribəliklərini 35-45 yaşlarında və Qocalığın faydalarını isə 45-57 yaşlarında yazdığı şeirlər əsasında tərtib edib. Ə.Nəvai lirikası janr baxımından olduqca rəngarəngdir. Belə ki, o, qəzəl, qəsidə, müxəmməs, müstəzad, rübai, tuyuq və digər şeir şəkillərindən istifadə etməklə özbək poeziyasının, bütünlükdə isə türk şerinin bədii ifadə imkanlarını xeyli genişləndirib, türkdilli şeirin Şərqdə şöhrət tapmasını təmin edib. Ə.Nəvainin müxtəlif janrlarda yazdığı şeirlər yalnız rədif, vəzn, məzmun baxımından deyil, həm də bədii ifadə vasitələri baxımından da diqqəti cəlb edir:

 

Saqi məni xar-xardan eylə xilas,

Gəl gül üzün aç bahardan eylə xilas.

Ya mey verü intizardan eylə xilas

Ya öldürübən xumardan eylə xilas.

 

Ə.Nəvai lirikasının əsasını qəzəllər təşkil edir. O, ortaq qəzəl üslubu ilə sadə və anlayışlı, məna dərinliyi ilə seçilən qəzəllər yaradıb. Bu mənada onun qəzəl mülkünün sultanı adlandırılması təsadüfi deyil. Onun qəzəlləri dolğun mənası, rəvan və səlis dilinə görə seçilir. Əlişir Nəvai ədəbiyyat tarixlərində lirik şairdən çox Xəmsə müəllifi kimi tanınır. O, 1483-1485-ci illərdə Xəmsə ənənəsinə cavab olaraq 25620 beytdən ibarət beş poema yazmışdır:

1) Heyrətül-əbrar (1483),

2) Fərhad və Şirin (1484),

3) Leyli və Məcnun (1484),

4) Səbəyi səyyar (Yeddi səyyarə) (1484),

5) Səddi-İsgəndər (1485).

Qeyd edək ki, Nizami yaradıcılığı Şərqin böyük sənətkarları üçün örnək olmuşdur. Xüsusilə Xəmsə ənənəsinə cavab və Nizaminin ayrı-ayrı əsərlərinə nəzirə yazmaq ədəbi yarışa çevrilmişdir. Ə.X.Dəhləvi, Ə.Cami, Əbdi bəy Şirazi, A.Ərdəbili, Marağalı Əşrəf və s. sənətkarlar bu sahədəki qələmlərini sınaqdan çıxarmış, ölməz sənət nümunələri yaradıb. Ə.Nəvai də Nizami irsinə yaxından bələd olmuşdur. Bu fakt bir çox mənbələrdə öz təsdiqini tapır. Həmin faktlara əsasən deyə bilərik ki, Nəvai Nizami əlyazmalarını oxumuş, Nəvainin nəzarəti altında bu əlyazmaların üzü köçürülmüş və şəxsi kitabxanasında saxlanılmışdır. Nizaminin 884 hicri (=1479) ilində köçürülmüş mükəmməl və qədim Xəmsəsi, həmçinin bu əsərin 886-cı hicri (=1481) ilində köçürülmüş ən bəzəkli, 45 miniatürü olan nüsxəsi bir sıra başqa nüsxələr kimi Nəvainin kitabxanasının incilərindəndir. Göründüyü kimi, Nəvai Nizami əsərlərini orijinaldan oxuyub, onun sənət sehrinə düşüb və Xəmsə yazmaq təşəbbüsünə qoşulub. Ə.Nəvainin Mühakəmətül-lü- ğəteyn əsərində bu fikir öz təsdiqini belə tapır: Xəmsə pəncəsinə pəncə vurmuşam. Əvvəlcə Möminlərin təşvişi (Heyrətül-əbrar) bağında təbim güllər açıbdır ki, ona Sirlər xəzinəsindən Məxzənül-əsrar Şeyx Nizaminin ruhu başıma dürlər saçıbdır. O cümlədən, Ə.Nə- vai Xəmsəyə daxil olan əsərlərində də Nizami qüdrətinin böyüklüyündən, sənətinin ecazkar gücündən danışaraq bir daha Nizamiyə olan məhəbbətini nümayiş etdirib: O Gəncədə yatan böyük Nizami Gəncədə olsa da aramı onun Xəznələr üstədir məqamı onun. Nizami bir fildir yox bərabəri Söz incisi ondan aldı dəyəri.

Ə.Nəvai Xəmsəni cəmi iki il ərzində (1483-1485) yazıb tamamlamaqla Şərqdə ilk türkdilli Xəmsənin əsasını qoydu. Heyrətül-əb- rar Ə.Nəvai Xəmsəsinə daxil olan ilk poemadır.

Fəlsəfi-didaktik mövzuda yazılmış bu əsər 64 fəsilə bölünməklə 20 məqalətdən ibarətdir. Poemada misraların sayı 8 mindir. Əsər ənənəvi olaraq Allahın və peyğəmbərin tərifi ilə başlayır. Əsərdə eyni zamanda Nizami, Dəhləvi və Caminin də tərifi öz əksini tapır, onlar söz sənətinin korifeyləri kimi mədh olunur. Poemada sözün və dövrün hakimi Hüseyn Bayqaranın tərifindən sonra Ə.Nəvai özünün ictimai-fəlsəfi görüşlərinə yer verir. Bu sırada dövlət, hakimiyyət, cəmiyyətin ədalətli idarə olunması və s. məsələlər bədii ifadəsini tapır. Fəlsəfi-didaktik formada qələmə alınmış Heyrətül-əbrar mövzu və ideya baxımından dahi Nizaminin Sirlər xəzinəsi əsərinə uyğundur.

Ə.Nəvainin Xəmsəsinə daxil olan poemalar sırasında Fərhad və Şirin mərkəzi əhəmiyyətə malik bir sənət əsəri (H.Araslı) kimi diqqəti cəlb edir. Əsərdə Fərhadla Şirinin sevgisi daxilində həyati problemlərin təhlili əsas yer tutur. Poema qələmin tərifi, Nizami və Pəhləvinin xatırlanması ilə başlayır. Bu da səbəbsiz deyil. O, cismi zəif, dimdiyi şəvə, fikrin yel qanadlı atı olan qələmi mənalar xəzinəsinin yaradıcısı hesab edir. Bu mənada misilsiz qələm sahibləri kimi Nizami və Pəhləvinin adları hörmətlə yad olunur. Ə.Nəvai Nizami Gəncəviyə nəzirə yazmağın məsuliyyətini dərk etdiyi üçün bu meydanda söz deməyin asan olmadığını dönə-dönə təkrarlayır:

 

Bu meydanda sanma asandır durmaq,

Nizamiylə pəncə-pəncəyə vurmaq

Nizamiyə pəncə uzatsa hər kəs,

Qırılar pəncəsi murada yetməz

Şir pəncəsi gərək şirlə edə cəng

Barı şir olmasa, qoy olsun pələng.

 

Lakin Ə.Nəvai öz əsərində Nizamidən fərqli olaraq Fərhadı baş qəhrəman səviyyəsinə yüksəltmiş, onu şahzadə obrazında öz ideyalarının təmsilçisi kimi təqdim edib. Fərhad hələ uşaqlıqdan həm zahiri görkəmi, həm də ağlı və elmi dərrakəsi ilə başqalarından fərqlənir:

 

...Üçyaşı olarkən, görkəmi ilə

On yaşdan az vermək olmazdı tiflə.

...Hər hansı dərsə baxsa bir kərə

Bir də əl vurmazdı o vərəqlərə

Bir dəfə oxusa dərsini ancaq

Əzbər bilər idi o, varaq-varaq.

 

Fərhad təkcə zahiri görkəmi və elmə həvəsi ilə seçilmir. O, hökmdar oğlu olsa da, əməyi sevir və bu sevgi onu Qarindən daş yonmaq sənətini öyrənməyə sövq edir. Ə.Nəvai əsərin əvvəlində Fərhadı bu cür təqdim etməklə onu gələcək hadisələrə hazırlayır, poemada onunla bağlı proseslərin təsadüfiliyinə son qoyur, onların təsir gücünü artırır. Bu səbəbdəndir ki, Fərhadın atasından taxt-tac təklifini qəbul etməməsi, Yunan ölkəsinə səfəri zamanı bütün çətinliklərdən qalib çıxması, İsgəndər tilsimini açması, Ərmən-zəmində qayaları yarıb su arxı çəkməsi və s. əsərdə oxucu tərəfindən təbii qarşılanır. Onu da qeyd edək ki, Fərhadın yuxarıda sadalanan hər bir hərəkəti onun müəyyən xarakter keyfiyyətinin açılmasına xidmət göstərir. Müəllif Fərhadı taxt-taca, var-dövlətə hərislikdən uzaq saxlayır. O, bütün əsər boyu igid və cəsur bir qəhrəman təsiri bağışlayır.