Xalq Cəbhəsi.-2019.-29 mart.-55.-S.14.

 

Özbək ədəbiyyatı

 

Elman Quliyev,

filologiya üzrə elmlər doktoru, professor

 

2-ci yazı

 

XV əsr özbək ədəbiyyatı və ədəbi dilinin yeni inkişaf mərhələsinə qədəm qoymasında müstəsna xidmətləri olan, elmi- fəlsəfi, siyasi görüşləri baxımından Şərqin ən nəhəng şəxsiyyətləri ilə bir cərgədə dayanan Nizaməddin Mir Əlişir Nəvai özbək xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi nadir simalardan biridir. Ə.Nəvai 1441-ci ildə Herat şəhərində iri feodal ailəsində dünyaya göz açıb. Atası Qiyasəddin Kiçkinə Əbülqasım Baburun zamanında Səbzəvar hakimi olub. Qiyasəddin bəy hakim olmaqla yanaşı, həm də bir ədəbiyyat həvəskarı və bilicisi kimi tanınmışdı. Ə.Nəvainin ana babası da saray məmuru olub. Şairin dayısı Mir Səid gözəl şair və musiqiçi kimi ad qazanmışdı. Ə.Nəvainin uşaqlıq illəri sarayda keçib. Saray həyat tərzi və tərbiyəsinin onun gələcək həyatına böyük təsiri olub. Möhkəm yaddaşı onu öz həmyaşlarından kəskin şəkildə fərqləndirib. Onun 3-4 yaşlarından etibarən atasının qonaqlıq məclislərində və digər yerlərdə əzbər şeir söyləyərək hamını heyrətə gətirməsi ilə bağlı bir sıra faktlar mövcuddur. Klassik özbək şairi Lütfi (1369-1465) Ə.Nəvai ilə uşaqlıq dövründə rastlaşır və onda olan poetik istedadı yüksək qiymətləndirir. O, kiçik yaşlarında XV əsr Azərbaycan şairi Şah Qasım Ənvarın şeirlərinə də böyük maraq göstərib. Ə.Nəvai Məcalisün-nəfais adlı məşhur təzkirəsinin birinci fəslində Şah Qasım Ənvarı böyük hörmətlə yad edir, 3-4 yaşlarında əzizlərinin təklifi ilə Ənvarın aşağıdakı farsca beytini qonaqlıq məclisində əzbər söyləməsi barədə məlumat verir:

 

Rindəmü aşiqəmü cəhansuzü camə çak

Ze dövləte qəme to, ze fekre cəhan çe bak.

 

(tərcüməsi: Dünyanı odlandıran, paltarını parçalayan bir rindəm, aşiqəm. Sənin qəminin dövləti ilə cahanın fikrindən qorxmuram. Tərcümə Cənnət Nağıyevaya məxsusdur).

Firudin bəy Köçərli də Ə.Nəvainin həyatından bəhs edərkən (Azərbaycan ədəbiyyatı tarixi materialları Bakı, 1925) onun atasının Herat hakimi Əbu Səid ilə qohumluğu və Əbu Səidin vəziri olması, o cümlədən Nəvainin anasının sarayla bağlılığı barədə məlumatları verir. Lakin şairin atası Qiyasəddinin Əbu Səidin vəziri olması faktı heç bir mənbədə təsdiqlənmir.

Ə.Nəvai uşaq yaşlarından etibarən Sədi Şirazinin Gülüstan və Bustan, F.Əttarın Məntiqüt-teyr, o cümlədən Şərqin digər mütəfəkkir filosof və şairlərinin əsərlərini mütaliə edib.

Onun uşaqlıq və qismən də gəncliyi Teymurilər hakimiyyətinin böhranlı dövrünə təsadüf edir. Sarayda siyasi proseslərin gərginləşməsi səbəbindən Ə.Nəvainin atası İraqa getməli olur. Bunun nəticəsində Əlişir Nəvainin həyatının iki ili (1447-1449) bu diyarda keçir. 1450-ci ildə şairin atası ailəsi ilə birlikdə Xorasana qayıdır və Əlişir Nəvai təhsilini burada davam etdirir. O, ərəb, fars dillərini bildiyi üçün istər təhsil aldığı illərdə, istərsə də ondan sonrakı dövrlərdə bu dillərdə olan elmi və bədii mənbələrdən sərbəst bəhrələnə bilib. Nəvai mədrəsə təhsilini tamamladıqdan sonra (1456) Əbülqasım Baburun yanında qulluğa girir. Ə.Nəvainin ilk dəfə şeir yazmağa neçə yaşında başlaması haqqında dəqiq məlumat verilməsə də, onun 15 yaşından etibarən şeirlərinin geniş yayılması və bir şair kimi tanınması barədə fıkirlər öz təsdiqini tapıb.

1464-cü ildə Ə.Nəvai doğma şəhəri olan Herata qayıdır. Lakin Heratın hakimi Əbu Səid Ə.Nəvaini onun düşmənləri ilə əlaqə qurmaqda günahlandıraraq 1465-ci ildə Səmərqəndə sürgün etdirir. Səmərqənd şəhəri bir elm və mədəniyyət mərkəzi kimi 24 yaşlı Nəvainin elmi-nəzəri səviyyəsinin yüksəlməsində, fəlsəfı mühakimələrinin genişlənməsində mühüm rol oynayır. 1469-cu ildə Əbu Səidin ölümündən sonra Heratda hakimiyyət Hüseyn Bayqaranın əlinə keçir. Əlişir Nəvai Hüseyn Bayqaranın məktəb yoldaşı, həm də dostu idi. Onların uşaqlıqdan başlanan dostluğu ömürlərinin sonuna qədər davam edib, hər ikisinin taleyində bu dostluq əhəmiyyətli rol oynayıb. Hüseyn Bayqara öz hakimiyyəti dövründə (1469-1505) Ə.Nəvaiyə böyük imtiyazlar verir. Hüseyn Bayqara tərəfindən yaradılmış müvafiq mədəni şərait, Ə.Nəvaiyə verilən imtiyaz, ona göstərilən qayğı şairin yaradıcılığına təsirsiz qalmır. Hüseyn Bayqara ilə Əlişir Nəvainin dostluğu, Hüseyn Bayqaranın bir hökmdar kimi Əlişir Nəvaiyə verdiyi imtiyazlar və göstərdiyi qayğının sorağı Heratdan kənarda yerləşən uzaq əyalətlərə belə yayılır və bunların Əlişir Nəvai yaradıcılığına yüksək təsiri həmin dövrün görkəmli şəxsiyyətləri tərəfindən təsdiqlənir. XV əsr ədəbiyyatımızın görkəmli lirik şairi Kişvərinin aşağıdakı misraları bu baxımdan maraqlıdır:

 

Kişvəri şeiri Nəvai şeirindən əskik iməs

Bəxtinə düşsəydi bir Sultan Hüseyni Bayqara.

 

1469-cu ildə Səmərqənddən Herata qayıdan Ə.Nəvai sarayda müxtəlif vəzifələrdə (mülazim və möhürdar) çalışır. 1472-ci ildə Hüseyn Bayqara öz dostuna əmir titulu verərək onu vəzir təyin edir. Ə.Nəvai vəzir işlədiyi müddətdə Heratın abadlaşmasına, elmin və mədəniyyətin inkişafına xüsusi qayğı göstərir. İlk növbədə onun təşəbbüsü ilə yaradılmış zəngin kitabxana savadlı adamların ixtiyarına verilir. Bu illərdə onun şəxsi vəsaiti ilə Herat və ətraf məskənlərdə 40 karvansara, 17 məscid, 10 sufi xanəgahı, 9 hamam, 9 körpü və s. tikilir. Bu səbəbdən qısa bir vaxtda Herat mədəniyyət və elm mərkəzi kimi daha da irəli gedir. Herat XV əsrdə iqtisadi və ictimai cəhətdən Şərqin ən inkişaf etmiş şəhərlərindən biri idi. Dövrün ən qüdrətli alimləri, is-tedadlı sənətkarlar - şairlər, rəssamlar, xəttatlar və başqaları sultan Hüseyn Bayqara sarayında, daha doğrusu Nəvai ətrafında toplaşmışdılar. Müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla ədəbi əlaqə genişlənmiş, Herata şairlər gəlmiş, ədəbi məclislərdə sənətkarlıq dərslərinin iştirakçısı olmuşlar. XV əsrdə Sultan Hüseyn Bayqara sarayında, ümumiyyətlə, Xorasan vilayətində elm və incəsənət xadimlərinin hamisi olmaqla bərabər ədəbi aləmin başında Nəvai dururdu. Nəvai öz istedadı, bacarığı və ölməz əsərləri ilə çox yüksəklərə qalxmış, yüksəldikcə təsiri ətrafa yayılmış, özündən sonra ənənələrini davam etdirən şairlər ordusu, istedadlı şairlər silsiləsi yaranmasına səbəb olmuşdu .

Ə.Nəvai tarixdə şair, alim, ictimai-siyasi xadim olmaqla yanaşı, eyni zamanda bir xeyriyyəçi insan kimi də tanınmışdı. Təsadüfi deyildir ki, mənbələrdə onun 300-ə yaxın xeyriyyə tədbiri keçirməsi barədə məlumatlar öz əksini tapmışdı. Lakin Əlişir Nəvainin saraydakı müvəffəqiyyəti əyanlarda ona qarşı paxıllıq və qısqanclıq hissini gücləndirmişdi. Bu səbəbdən Ə.Nəvai Hüseyn Bayqara ilə dostluq münasibətlərinin korlanmasından ehtiyat edərək öz xahişi ilə vəzirlikdən azad olunur və 1487-ci ildə Astrabad şəhərinin hakimi vəzifəsinə göndərilir. İki ildən sonra H.Bayqara Əlişir Nəvaini yenidən Herata gətirərək onu saray Müqərrəbi (hökmdara yaxın şəxs) təyin edir. Bu vəzifədə çalışdığı dövrlərdə də o, dövlət işlərində yaxından iştirak etmiş, elmi və bədii fəaliyyətini geniş şəkildə davam etdirmişdi. Heratdan kənarda baş vermiş çaxnaşmanı yatırmaq üçün Hüseyn Bayqara ordu ilə şəhəri tərk edərkən Ə.Nəvaini öz yerinə təyin etmişdi. Əlişir Nəvai ömrünün sonuna qədər Müqərrəb vəzifəsində çalışıb və 1501-ci ildə 60 yaşında ürək xəstəliyindən vəfat edib.